Rusiya Afrin səmasını Türkiyə qırıcıları üçün bağladı - SƏBƏB

Rusiya hərbi aviasiyası İdlibi bombalayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, zərbələr nəticəsində 10 nəfər ölüb, 20-dən çox yaralının olduğu bildirilir.

Hava əməliyyatları davam edir. Bundan əlavə Aralıq dənizindəki Rusiya donanmasından bölgəyə ballistik raketlər atılır.

İdlib iki aya yaxındır davamlı olaraq Rusiya hərbçilərinin zərbələri altındadır, keçən ay bu zərbələr nəticəsində 211 nəfərin öldüyü, 477 nəfərin yaralandığı açıqlanıb.

Xatırladaq ki, Astana müzakirələrində Rusiya və İranın razılığı ilə sözü gedən bölgədə təhlükəsizliyə cavabdehlik Türkiyəyə həvalə edilib.

 

Bu arada Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) aid təyyarələrin fevralın 5-dən etibarən Afrin üzərindən uçmadığı məlum olub.

 

Səbəb Rusiyaya aid təyyarələrə atılan raketlərə qarşı yeni hücumdan müdafiə sisteminin qurulması ilə bağlıdır.

 

Ehtimal olunur ki, Afrinin hava məkanı bu işlərin bitməsindən sonra yenidən Türkiyə qırıcıları üçün açılacaq.
 

Qeyd edək ki, rəsmi Moskva fevralın 3-də ölkəyə aid SU-25 təyyarəsinin vurulmasından sonra  analoji sistemin tətbiqinə qərar verib və  bu addım barəsində Türkiyəni məlumatlandırıb. 

Müəllif | Apa.Tv
Apa.tv