Bakıda marketdən oğurluq etmək istəyən azyaşlılar yaxalandı - BİRİ QIZDIR
Bakıda marketdən oğurluq etmək istəyən dörd nəfərdən ibarət dəstə iş başında yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal idarənin Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib.
Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub.
Sabunçu RMİ-nin rəis müavini Sahib Cəfərli bildirib ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında Sabunçu rayonunda yerləşən bir aptekdən 14 yanvar tarixində 499 manat, Bakıxanov qəsəbəsində yerləşən marketdən oğurluq etdikləri məlum olub. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında market və apteklərdən oğurluqlar ediblər.
Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonda marketlərdən və aptekdən etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Onların həmin obyektlərdən oğurluq etmə anları bu şəxslərin qanunsuz əməllərini sübut edir. Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.