Məzahir Pənahov: "Sosial şəbəkələrdə gedən proseslər izlənilməlidir"
Sabahdan Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.
APA TV-nin məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, bu il yenilik ondan ibarətdir ki, televiziyadakı çıxışlar radio vasitəsilə də yayımlanacaq, həmçinin MSK üzvlərinin “Azərbaycan” qəzetində məqalələri çıxacaq.
M.Pənahov deyib ki, tezliklə dairə seçki komissiyalarının (DSK) üzvləri ilə müşavirə keçirilməlidir: "Daha sonra isə yerlərdə DSK üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir".
MSK sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini də qeyd edib. O bildirib ki, sosial şəbəkələr də geniş auditoriyaya malikdir və seçkilərlə bağlı orada gedən proseslərin izlənilməsi zəruridir.
İclasda həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.