Sərnişin avtobusundan qəza çəkiclərini oğurlayıb qaçdılar - KAMERA GÖRÜNTÜSÜ

Bakıda marşrut avtobusunda növbəti xoşagəlməz hadisə yaşanıb. APA TV xəbər verir ki, hadisə 8 saylı marşrut xətti üzrə metronun "28 May" stansiyasından "Azadlıq prospekti" stansiyası istiqamətində hərəkət edən “BakuBus”a məxsus avtobusda olub.

Videogörüntüdən də aydın olur ki, bir qrup şəxs əvvəlcədən planlaşdırılmış şəkildə avtobusa daxil olur, qəza çıxışı üçün nəzərdə tutulmuş və şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayır. Üzlərinin kameraya düşməməsi üçün gediş haqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün özlərilə götürdükləri alətlə onu kəsir. Öz istəklərinə nail olduqdan sonra isə qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.

Hazırda həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün bütün hüquqi prosedurlar həyata keçirilir.

Bir maraqlı məqam da budur ki, baş verə biləcək hər hansı fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş qəza çəkicinin oğurlanması zamanı içəridə olan və hadisəni müşahidə edən heç bir sərnişin buna müdaxilə etmir, hətta bununla bağlı sürücüyə məlumat da vermirlər. Yalnız hadisə baş verdikdən, oğrular ərazini tərk edtdikdən sonra bir xanım sərnişin sürücünü məlumatlandırır.

Müəllif | Apa.Tv
Apa.tv