Sabirabadda yerləşən mağazadan nağd pul və mobil operatorlara məxsus danışıq kartları oğurlayan şəxslər Bakı şəhərində saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq olunduğu barədə məlumat verib.
Cinayət işini araşdıran müstəntiq Mirzahid Abasovun sözlərinə görə, oğruların izi paytaxta qədər gedib çıxıb və bu işdə 3 nəfərin iştirakı müəyyən edilib:
"Sabirabad rayonu Qaragüney Polis Bölməsi və Xətai RPİ tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kəndin ərazisində yerləşən “Elşən market” mağazasının anbarından 580 manat nağd pul və 1000 manatlıq mobil danışıq kartrları oğurlayan şəxslərin Cəbrayıl rayonunun Niyazqulular kənd sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Nüsrət Əmrah oğlu, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Pirqulu Vəkil oğlu və Sabirabad rayonunun Qaragüney kənd sakini, 1997-ci il təvəllüdlü Nərimanov Əlisa Zəki oğlu olduğu müəyyən edilib".
Hər üç şəxs Bakı şəhərində saxlanılıb. Hazırda barələrində istintaq araşdırmaları aparılır.