Birjalarda neft kəskin ucuzlaşır - ABŞ-DAN QAYNAQLANAN ÜÇ SƏBƏB
Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neft son sutka ərzində 1,25 dollar dəyər itirib. Dünən səhər saatlarında 65,58 dollara satılan "Brent" nefti bu səhər keçirilən ticarət sessiyalarında 64,33 dollara təklif olunur.
Qərbi Texas nefti daha çox dəyər itirib. Son 24 saat ərzində WTI neftinin maksimum qiyməti 62,02 dollar olub, bu səhər isə eyni markadan olan neft 60,59 dollara satılıb. Ucuzlaşmağa rəğmən, iki marka arasında qiymət fərqi 4 dollara yaxınlaşıb.
Neftin ucuzlaşmasına ABŞ-ın neft ehtiyatlarının həcminə dair açıqlanan rəsmi hesabatın ciddi təsiri olub. Amerika Neft İnstitutunun iki gün əvvəl açıqladığı proqnoz yenə özünü doğrultmayıb. Proqnozda ehtiyatların həcminin 1,05 milyon barel azalacağı bildirilirdi, Energetika Nazirliyi isə əksinə, ötən həftə ehtiyatların həcminin 1,9 milyon barel artdığını açıqlayıb. Hazırda ABŞ-ın kommersiya neft ehtiyatları 420,25 milyon barel təşkil edir.
Ucuzlaşmanı sürətləndirən digər amil də ABŞ-dan qaynaqlanır. Rəsmi hesabata əsasən, ölkədə bu il orta hesabla sutkada 10,59 milyon barel neft hasil olunacağı gözlənilir, gələn il isə bu rəqəmin 11,18 milyon barelə çatacağı proqnozlaşdırılır. Hasilat proqnozunun 3,1 faiz artırılması birjalarda neftin dəyərdən düşməsini şərtləndirib.
Ən nəhayət nefti ucuzlaşdıran üçüncü amil də ABŞ mənşəlidir. Son iki gündə valyuta bazarında dollar yenidən möhkəmlənməyə başlayıb. Bu möhkəmlənmə xüsusilə avroya nəzərən daha aydın nəzərə çarpır. Dolların bahalaşması neftin ucuzlaşması deməkdir, bu səbəbdən "qara qızıl"ın növbəti həftə ərzində də ucuzlaşacağını ehtimal etmək olar.
Qeyd edək ki, bu gün birjalarda həftənin son ticarət sessiyaları keçiriləcək. Birjaların bağlanmasına 6 saat qalmış ABŞ-da hasilata cəlb olunan quyuların sayına dair hesabat açıqlanacaq. Analitiklər quyuların sayının bu həftə də artacağını proqnozlaşdırır. Proqnozlar özünü doğrultsa, neftin gələn həftənin ilk ticarət sessiyalarından kəskin ucuzlaşmağa başlayacağı istisna deyil.