Gəndob-Xaçmaz-Yalama yolunun 24 km-lik hissəsi bərpa olunur

Xaçmazda bəzi yollarda yenidənqurma və tikinti işlərinə start verilib.

 

APA TV-nin xəbərinə görə, bura M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, həmçinin respublika əhəmiyyətli R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yollarının bir hissəsi və 1 kəndlərarası avtomobil yolu daxildir. Sadalanan bu yolların ümumi uzunluqları 152.2 km təşkil edir və 118 min əhalinin yaşadığı 125 yaşayış məntəqəsini əhatə edir.

 

R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 24 km-lik Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv. m sahəni əhatə edəcək.

 

Yolun Xaçmaz şəhərində keçən hissəsində atmosfer yağıntıları zamanı yaranan gölməçə probleminin aradan qaldırılması üçün təqribən 5 km uzunluğunda yeni yağış-kanalizasiya sistemi qurulur, yol kənarlarına yağış barmaqlıqları düzülür. Bundan başqa, mövcud piyada səkilərinin bərpası işləri də aparılaraq kənarlarına yeni səki daşları düzülür. Layihəyə uyğun yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 59 yaşayış məntəqəsinin 54 min nəfər əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yolda istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

 

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov