Yaradıcılıq təşkilatlarından İlham Əliyevə dəstək

Azərbaycanda fəaliyyət göstərən yaradıcılıq ittifaqlarının sədrləri və üzvləri toplantı keçiriblər.

 

APA TV-nin məlumatına görə, toplantı iştirakçıları aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən İlham Əliyevə dəstək nümayiş etdiriblər.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, ölkəmizdə ədəbiyyata hər zaman xüsusi diqqət olub. Dövlət dəstəyi sahəsində yazıçıların, şairlərin əsərləri nəfis şəkildə çap olunur. Ən böyük nailiyyətlərdən biri Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunmasıdır. Xalq yazıçısı bildirib ki, ədəbiyyatın inkişafına hər zaman dəstək verdiyi üçün Yazıçılar Birliyi İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.    

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə İlham Əliyevin musiqi mədəniyyətinə hər zaman böyük dəstək verdiyini bildirib. O qeyd edib ki, məhz bu dəstək sayəsində Azərbaycan bəstəkarları dünyanın mötəbər festivallarında iştirak edir, müasir bəstəkarlıq nümunələrimizi dünyaya tanıdırlar. Eyni zamanda milli musiqi ənənələri də ölkə başçısının qayğısı nəticəsində kifayət qədər təbliğ olunur. Bunun bariz nümunəsi muğam festivallarının keçirilməsidir. Məhz bu məqamları nəzərə alaraq musiqi xadimləri İlham Əliyevi dəstəkləyir və onun yenidən prezident seçilməsini arzulayır.

 

Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə isə bildirib ki, bu gün Azərbaycanda memarlıq sənəti intibah dövrü yaşayır. “Əlbəttə ki, dövlətin dəstəyi olmadan bu mümkün olmazdı” deyə o, bildirib və ittifaq üzvlərinin İlham Əliyevi dəstəklədiyini vurğulayıb.

 

Toplantıda Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımzadə, xalq yazıçısı Çingiz Abdullayev, xalq artistləri Hacı İsmayılov, Amaliya Pənahova və Afaq Bəşirqızı da çıxış edərək, prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.

 

Sonda yaradıcılıq təşkilatları adından seçkilərlə bağlı bəyanat imzalanıb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli