Azərbaycanda donorluq sahəsində inqilabi dəyişikliklər gözlənilir

Əksər ölkələrdə sadə vətəndaşlardan tutmuş, cəmiyyətdə müəyyən mövqeyə sahib olan insanlara qədər orqanlarının bağışlanmasını vəsiyyət edənlər var. Ölkəmizdə qəfil ölən insanların orqanlarının götürülməsi faktı olmasa da, böyrək və qaraciyər kimi orqan nəqli əməliyyatları həyata keçirilir.

 

APA TV-nin xəbərinə görə, Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycanda “Donorluq haqqında” yeni qanun qəbul edilə bilər. Dəyişikliklər “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda da əksini tapa bilər.

 

Deputat Musa Quliyev təklif edib ki, meyitdən orqan köçürülməsi üçün hüquqi baza yaradılmalıdır. O, İnsan orqan və (və ya) toxumalarının transplantasiyası ilə bağlı reyestrin yaradılmasının vacibliyini vurğulayıb: “Milli koordinasiya mərkəzi yaradılmalıdır. Yəni kimə, nə zaman orqanlar köçürülməlidir, müzakirə olunmalıdır. Qanunda müəyyən müddəalar yazıla bilər, amma cəmiyyət qəbul etməyəcəksə, bunun əhəmiyyəti olmayacaq. Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır. Vacib məsələlərdən biri də konfidensiallığın qorunmasıdır. Bəzi insanlar istəmir ki, bu açıqlansın. Bəzən olur ki, hansısa insan orqanını kiməsə verir, sonra həmin insanın orqanlarında problemlər yaranırsa, ona müəyyən güzəştlər tanınmalıdır”.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib ki, 1973-74-cü illərdə akademik Cavadzadə tərəfindən Azərbaycanda 4-5 meyitdən orqan köçürülüb: “Amma son illərdə bu, niyə həyata keçirilmir? Bunun başlıca səbəbi meyitdən orqanların götürülməməsi ilə bağlıdır. Biz öz xəstəxanalarımızı yoxlamalıyıq ki, ölkədə reanimatoloqlar tərəfindən neçə beyin ölümü diaqnozu qoyulur. Biz bu diaqnozu qoya bilirikmi? Bunu təsdiqlədikdən sonra biz ikinci mərhələyə - etik baxımdan problemlərin həlli, insanların buna hazırlanması kimi məsələlərə keçərək, bu problemin həlli istiqamətində daha böyük addımlar ata bilərik".

 

Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Mircəlal Kazımi isə deyib ki, qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında qohumları olmadığı halda, razılıq və vəsiyyət axtarılmadan ondan transplantasiya üçün orqan və ya toxumanın götürülməsinə icazə verilməlidir. Onun sözlərinə görə, transplantasiya əməliyyatını bu sahə üzrə ən azı 3 il təhsil alan həkimlər həyata keçirməlidir: “Mütləqdir ki, həkim-cərrah bu sahə üzrə təhsil almış olsun. Transplantasiya edən həkimlərin harada və necə təhsil alması da vacibdir. Transplantasiya əməliyyatının Azərbaycan vətəndaşı olmayan şəxs tərəfindən icra edilməsi üçün onların buna icazə verən şəhadətnaməsinin olması vacibdir”.

 

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətin götürülməsi təklifi ilə çıxış edib. Nazirlik rəsmisi qeyd edib ki, bu, qanunda kriminal əməl kimi saxlanılıb: "Bir çox hallarda insanlar öz aralarında transplantasiya üçün razılığa gəlirlər. Biz buna göz yumuruq, amma reallıq budur. Bəlkə də buna icazə verməklə orqan transplantasiyası üçün növbədə olanların problemini həll edə bilərik. Buna görə də müəyyən bir çərçivədə buna icazə verilsə, yaxşı olar. Kriminal məqsəd üçün orqanların satılmasına görə isə sözsüz ki, sərt cəzalar olmalıdır”.

 

Mərkəzi Neftçilər Xəstəxanasının anestezioloq-reanimatoloqu Qulam Rüstəmzadə deyib ki, əslində beyin ölümü keçirən insan ölmüş sayılır. Buna görə də mütəxəssislər üçün beyin ölümü təlimatları üzrə treninqlərin keçirilməsi vacibdir: “Hələ indiyədək ölüm səbəbi kimi beyin ölümü diaqnozu qoyulmur. Əsas səbəb kimi ürəyin fəaliyyətinin dayandırılması göstərilir. Nə qədər ki, biz beyin ölümü diaqnozunu qoya bilmirik, onda meyitdən orqan transplantasiyasını həyata keçirə bilməyəcəyik”.

 

Təklif edilir ki, canlı donor qohum olmadığı halda etik məsələlərin araşdırılması üçün ictimai əsaslarla Etika Komissiyası yaradılmalıdır. Komissiya üzvü tibb və qeyri-tibb sahəsi üzrə çalışan insanlar ola bilər: “Onlar sübut etməlidirlər ki, şəxs təzyiq altında donor olaraq orqanını vermir”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı