Bakıətrafı dəmir yolunun çəkilişinə 100 mln. manat ayrılıb

"Xaçmaz istiqamətinə olan dəmir yolu xətti yenidən inşa olunur". APA TV-nin xəbərinə görə, bunu “Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov bildirib.

 

Onun sözlərinə görə, Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq: "Xudat stansiyasından sola dönməklə, Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq".

 

C.Qurbanov qeyd edib ki, bu il Bakıdan Gəncəyə sürət qatarı açılacaq və Qəbələyə dəmir yolu çəkiləcək: "Qəbələyə yolu Ləkidən dönməklə çıxacağıq. İlk öncə Bakıdan Ləki stansiyasına qədər gediləcək, ondan sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər çıxacağıq. Ləki stansiyasından Qəbələyə qədər 57 km yoldur. Bir az da dağlıq relyefi var və yüksəkliklə hərəkət olacaq. Bu il artıq tikinti işlərinə başlanacaq. Gələn ilin sonuna kimi Qəbələyədək olan yolu bitirməyi düşünürük".

 

Bakı ətrafında 23 dəmir yolu stansiyasının tikiləcəyini deyən Cavid Qurbanovun  sözlərinə görə, tikintiyə ilk olaraq Sabunçu stansiyasından başlanacaq: "Sabunçu stansiyasından təqribən 5000 adam istifadə edir. Orada tunel, yolun qaldırılması işləri görüləcək, yeni stansiyalar tikiləcək. Ümumiyyətlə, Bakı ətrafında 23 stansiya tikiləcək, 107 km yol yenidən qurulacaq".

  

Bakıdan çıxan qatarlar təkcə Sumqayıta deyil, əks istiqamətə - Qaraçuxur qəsəbəsi, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və Sumqayıta qədər gedəcək: "Digər tərəfdən bu xətt Bakı bağlarına, Maştağadakı "Bağlar" stansiyasına qədər uzadılacaq. Yolun biri də Dübəndiyə, Zirə kəndinin yaxınlığına qədər uzadılacaq. Bu xətlər elektrik qatarı xətləridir. Digər tərəfdən, bu dəmir yolunun Binə qəsəbəsinə qədər uzadılması və gələcəkdə hava limanı ilə birləşməsi məsələsi də həll olunmalıdır. Bu, Bakı ətrafında böyük layihədir. Əvvəl vətəndaşlarımız Bakı bağlarında yay aylarında yaşayardısa, artıq daimi yaşayırlar. Biz də bu sakinlərin sürətli dəmir yolu vasitəsilə daşınmasını həyata keçirməyə çalışacağıq".

 

Bakıətrafı dəmir yolunun çəkilişinə bu il ilkin olaraq 100 mln. manat vəsait ayrılıb. Ümumiyyətlə, həm regionlarda, həm də Bakıda həyata keçiriləcək layihələr dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

 

Cavid Qurbanov bildirib ki, aprel ayının ilk həftəsində Bakı-Tbilisi-Qars  dəmir yolu ilə Avstriyadan yüklərin daşınması gözlənilir. Avstriya yüklərin Qazaxıstana daşınması üçün BTQ-dən istifadə edəcək. Bu günə qədər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 500-dən çox konteyner daşındığını deyən sədrin sözlərinə görə, BTQ dəmir yoluna xarici ölkələrin marağı olduqca böyükdür: "Zaman keçdikcə bura cəlb olunan yüklərin həcmi artacaq. Türkiyə ilə Çin arasında təxminən 500 min konteyner dövriyyəsi var. Bu da Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteynerlərin həcminin artmasında rol oynayacaq".

  

Bakı-Tbilisi-Qars  dəmir yolu ilə yüklərin daşınmasında Rusiya da maraqlıdır: "Rusiya tərəfi Bakı-Tbilisi-Qars  dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarını göndərmək niyyətində olduqlarını bəyan edib. Rusiya taxta, dəmir məmulatlarının Qarsa və Astaraya, Qarsdan isə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır".

 

Qeyd edək ki, bu gün  “Azərbaycan Dəmir Yolları” QSC-də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Cavid Qurbanov xatırladıb ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. "Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər" - deyə o bildirib.  

Müəllif | Apa.Tv
Almaz Qasımova