Astarada baş verən qəzada tələbə öldü - EVİN TƏK OĞLU İDİ

Astarada tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

 

"Mitsubishi" markalı avtomobil hərəkətdə olarkən yolda qarşısına uşaq çıxıb. Sürücü maneədən yayınmaq üçün avtomobili kənara çəksə də, qəzadan yayına bilməyib və maşın dirəyə çırpılıb. Nəticədə sərnişinlər - 18 yaşlı Sahil Sədaqət oğlu Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Fikrət oğlu Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib. Ağamoğlan Cabbarovun vəziyyətinin isə ağır olduğu bildirilir.

 

Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıdakı universitetlərdən birinin tələbəsi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov