"Rabitəbank"ın adı dəyişdiriləcək

"Rabitəbank" ASC nizamnamə kapitalını təxminən 12,5 mln. manat artıracaq. APA-TV-nin məlumatına görə, bunu "Rabitəbank"ın Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib.

 

Onun sözlərinə görə, nizamnamə kapitalı səhmdarların hesabına artırılacaq. Z.Nuriyev bildirib ki, hazırda bankın nizamnamə kapitalı 88,5 mln. manat təşkil edir. "Artımdan sonra bankın nizamnamə kapitalı 101 milyon manatdan çox olacaq", - deyə Z.Nuriyev vurğulayıb.

 

"Rabitəbank"ın rəhbəri əlavə edib ki, bank 2018-2019-ci illərdə rebrendiqə gedəcək.  

 

Onun sözlərinə görə, Kredit  Bürosunun yaradılmasına əsas məqsədlərdən bir də ondan ibarətdir ki, məlumat bazası bir yerdə formalaşmış olsun, vətəndaşın bütün mümkün məlumatları, yəni kommunal xidmətlər, həmçinin bank və maliyyə sektorunda olan məlumatları vahid bazaya toplanmış olsun və orada emal olunaraq banklar yalnız özünə lazım olan məlumatı almış olsun.

 

O qeyd edib ki, artıq müştəri banka yaxınlaşdığı zaman sürətli bir şəkildə bu məlumatı əldə edə biləcək: “Yəni biz də anında müştəriyə verə biləcəyimiz məbləğdə kreditləri hesablaya biləcəyik. Bildiyiniz kimi, bir çox banklar öz sistemlərində buna bənzər kalkulyatorları qurublar. Vətəndaşlar da burdan ala biləcəyi kreditləri müəyyənləşdirə bilir. Lakin bu, həm prosesin uzanmasına, həm də maliyyənin yüksəlməsinə səbəb olur. Vahid baza olduqdan sonra biz bunu daha sürətlə həyata keçirə biləcəyik, həm də kredit daha ucuz başa gələcək. Bu da imkan verəcək ki, banklar hüquqi, xüsusən də fiziki şəxslərin kreditləşdirilməsini daha da genişləndirə bilsinlər”.

 

Z.Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən 5 mlrd. manata yaxın kredit verilib. Hədəf 2018-ci ildə bu rəqəmin xeyli yüksəldilməsindən ibarətdir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd