AVCİYA prezident seçkiləri ilə bağlı Uzunmüddətli Müşahidə Missiyası keçirəcək
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 11-də baş tutacaq prezident seçkiləri ilə bağlı Uzunmüddətli Müşahidə Missiyası keçirəcək.
APA TV-nin xəbərinə görə, bu məqsədlə AVCİYA təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib. Bunun üçün AVCİYA-nın Seçki Qərargahı yaradılıb. Seçki Qərargahına Məhərrəm Zülfüqarlı rəhbərlik edəcək: "Bütün seçkilərdə mətbuatın monitorinqini aparırıq. Bu il də seçkilərdə 8 qəzet və 2 agentliyin müşahidəsini aparırıq. Məqsəd odur ki, görək hansı qəzetlərdə seçkilərə daha çox önəm verilir".
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, !ərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 günə, seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: "Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır. Biz hesab edirik ki, gələcəkdə seçki komissiyaları da siyasi partiyaların inhisarından çıxarılmalı, müstəqil ekspertlər, QHT nümayəndələri və jurnalistlərdən təşkil edilməlidir".
Uzunmüddətli Müşahidə Missiyası ilə əlaqədar hesabat aprelin 6-da ictimaiyyətə təqdim ediləcək. Seçki gününün müşahidəsi və seçkinin nəticələrinə dair ilkin münasibət aprelin 12-də səhər saatlarında elan olunacaq. Yekun hesabat isə aprelin 26-da açıqlanacaq.