Şimali və Cənubi Koreya vahid bayraq altında - QIŞ OLİMPİYA OYUNLARININ AÇILIŞ MƏRASİMİ

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılışı olub.

 

APA TV-nin məlumatına görə, 1988-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreyada bu dəfə "Ağ Olimpiada" keçirilir. 


Mərasim Qış Oyunlarının talismanı - ağ pələng Suxoranqın səhnəyə çıxması ilə başlayıb. Ardınca talismanın adı ilə ona 5 uşaq qoşulub. Bundan sonra Cənubi Koreyanın bayrağına həsr olunan şou nümayiş edilib və ölkənin himni səslənib.

Dövlət simvollarının nümayişindən sonra idmançıların paradı başlayıb. Ənənəvi olaraq, Yunanıstan azarkeşlər qarşısından birinci keçib. 

 

Daha sonra digər iştirakçı ölkələrin keçidi başlayıb.

Azərbaycan millisi də keçid mərasiminə qatılıb. Bayrağımızı Qış Oyunlarında yeganə təmsilçimiz Patrik Braxner daşıyıb.


Türkiyə idmançıları da yarışlara geniş heyətlə qatılır.

Şimali və Cənubi Koreya təmsilçilərinin vahid bayraq altında keçidi isə mərasimin kuliminasiya anı olub. Tarixi hadisə tamaşaçıların alqışları ilə yadda qalıb.

92 ölkənin iştirak etdiyi yarışda ən çox idmançı ilə ABŞ milisi təmsil olunur. 242 amerikalının qatılacağı oyunlarda ev sahibi Cənubi Koreya 122 atletlə yarışacaq. İdmançı sayında Kanada ikinci (226), İsveçrə üçüncü yerdədir (169).
 

Olimpiadada 2902 idmançı öz gücünü yoxlayacaq. Onlar 7 idman növündə 102 dəst medal uğrunda mübarizə aparacaqlar. Medalların hər birinin çəkisi 586 qramdan artıqdır. Bu, "Ağ Olimpiadalar" tarixində çəkisinə görə ən ağır mükafatdır.


XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə "Ağ Olimpiada"da iştirak edir. 

 

Oyunlarının daimi favoritlərindən hesab olunan Rusiya dopinq qalmaqalına görə yarışlardan uzaqlaşdırılıb.
 

Müəllif | Apa.Tv
Apa.tv