Cənubi Koreya prezidenti Kim Çen Inın bacısı ilə görüşdü

Cənubi Koreya prezidenti Mun Çje İn Pxençxan olimpiadasına gələn Şimali Koreya nümayəndələri ilə görüşüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Pxenyandan göndərilən nümayəndə heyətinə Şimali Koreya Ali Məclisinin sədri Kim Yon Nam rəhbərlik edir.

Pxençxana gələn heyətin tərkibində Kim Çen Inın bacısı Kim Yo Çjon da var.

Bu, Koreya müharibəsindən sonra iki ölkə arasında ən yuxarı səviyyədə baş tutan görüşdür. Həmçinin Şimali Koreya liderinin ailə üzvü ilk dəfə Cənubi Koreyaya səfər edir.
 

Mun Çje İn nümayəndə heyətini Seulda prezident sarayında qəbul edib. Rəsmi görüşdən sonra tərəflər bir yerdə nahar edib.

Nahar zamanı Şimali Koreya liderinin bacısı qardaşının Cənubi Koreya prezidentinə Pxenyana dəvətini çatdırıb.

Xatırladaq ki, Şimali Koreya nümayəndə heyəti Pxençxanda start götürən XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib. "Ağ Olimpiada"ın açılışında Şimali və Cənubi Koreya idmançıları tamaşaçıların qarşısından vahid bayraq altında keçib.

Müəllif | Apa.Tv
Nigar Həsənli