Neftin qiyməti sürətlə enir - ÇİN BAZARA MÜDAXİLƏYƏ BAŞLAYIR
"Dünya bazarında neftin qiymətindəki ucuzlaşma qarşıdakı həftədə də davam edəcək". APA TV-nin məlumatına görə, bu bədbin proqnozu neft bazarını təhlil edən analitiklər açıqlayıb.
Birjalarda həftənin son hərracı "Brent" markalı neftin 1 barelini 63,42 dollara müəyyən edib.
Bununla belə, növbəti həftədə bu markadan olan "qara qızılın" qiymətində 65 dollarlıq bir sınaq yüksəlişinin olacağı ehtimal edilir. Bundan sonra isə "Brent" neftinin qiyməti yenidən 57,50 dollara enə bilər. Proqnozlara görə, bazar bu həftəni 54 dollardan tamamlayacaq.
WTI nefti üzrə fyuçerslər isə hazırda 59,37 dollardan bağlanır. Qərbi Texas markasının həftəni 52,50 dollardan tamamlayacağı gözlənilir.
Bazar 62 dollarlıq sınaq qiyməti müəyyən etsə də, bu fakt dəyərə mənfi təsir edəcək və qiymətlər yenidən azalan şkala üzrə "üzəcək".
Məlumdur ki, neftin qiymətinə uzun müddət təsir edən amillərdən birincisi ABŞ-da neft hasilatının və buna paralel olaraq ehtiyatların artmasıdır. Amma bu həftə səbəblərə daha biri əlavə olunub.
Belə ki, Çin 26 mart tarixində neft satışı üzrə fyuçersləri bərpa etməyə hazırlaşır. Bu barədə qərar 6 il əvvəl verilsə də, icrası bu il həyata keçiriləcək. Bu da heç şübhəsiz ki, Asiyanın əsas istehlakçısının bazar yolunu açmaqla bərabər, qiymətlərə təsir imkanlarını da artıracaq və əlavə ticarət birjasının açılmasına səbəb olacaq.