Mircəlal Kazımi: "Əməliyyatın qiyməti bahadır deyəndə, nəzərə alın ki..."
"Bu günə kimi 132 qaraciyər, 426 böyrək transplantasiya olunub. Ümumiyyətlə, tək Azərbaycanda deyil, dünyada orqana ehtiyacı olan xəstəlin sayı durmadan artır. Bunu daha çox qaraciyər transplantasiyasına aid etmək olar. Həmçinin xəstəliklərin yaşı gəncləşir, müalicə üsulları isə təkmilləşir".
Bunu APA TV-yə müsahibəsində Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib: "Bunların içərisində həm xroniki, həm sirroz olan, həm də transplantasiyaya ehtiyacı olan xəstələr var. Azərbaycan bu xəstəliklərin statistikasında artım hiss olunur. Hazırda transplantasiyaya ehtiyacı olan xəstələrin sayında da dəyişiklik var. 2017-ci ildə 12 xəstəyə qaraciyər transplantasiya olunub. Bu o demək deyil ki, ehtiyacı olan xəstələrin sayı azdır, əslində ehtiyacı olanların sayı çoxdur. Əməliyyat olunmaması səbəbləri isə müxtəlifdir".
Mütəxəssisin sözlərinə görə, transplantasiya əməliyyatlarının ləngiməsinə problem yaradan əsas amil yetərincə donor olmamasıdır: "Ailələrdə qohum donorlar var. Lakin müəyyən tibbi parametrlərə görə - qaraciyərin həcminin kiçik olmasına, ya da digər xəstəliklər olduğuna görə onlardan donor kimi istifadə edə bilmirik. Əslində isə nəticələr pis deyil, qənaətbəxşdir. Ötən il 12 qaraciyər, 79 böyrək transplantasiyası əməliyyatı etmişik".
Transplantasiya əməliyyatlarının qiymətinə gəlincə...
"Əməliyyatın qiyməti bahadır deyəndə, nəzərə almaq lazımdır ki, burda istifadə olunan materialı müəyyən məbləğə ehtiyac duyur. Bu sərf materialları isə Azərbaycana xarici ölkələrdən gətirilir. Bizim xəstəxanamız ödənişli əsaslarla fəaliyyət göstərir. Buna baxmayaraq, dövlət hesabına da etdiyimiz əməliyyatların sayı az deyil. İl yarım ərzində dövlət hesabına 90 nəfərə yaxın xəstəyə böyrək, 10 xəstəyə isə qaraciyər köçürülməsi əməliyyatı icra olunub".
Cərrah-transplantoloq Mircəlal Kazımi Gürcüstanda barəsində cinayət təqibi başlanması xəbərlərinə də münasibət bildirib: "Bu xəbərlərin heç bir ciddi hüquqi əsası yoxdur. Burda hər hansı bir tibbi problemdən söhbət getmir. Açığını desəm, bu barədə mən özüm də çox məlumatlı deyiləm. Mənimlə bağlı hər hansı bir problemin olduğunu da düşünmürəm. Hazırda hər şey qaydasındadır, normal fəaliyyət göstəririk".
Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində cinayət təqibinə başlanması barədə məlumat yayıb.