Səlim Müslümov: "Əmək pensiyalarının indeksləşdirilməsinə hər ay..."
Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan rəsmi məlumata əsasən, 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7% səviyyəsində müəyyən edilib. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, ƏƏSMN tərəfindən əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək.
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdisə, artıq cari ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir: "Ayın 12-də nazirlik üzrə əmr imzalanacaq. Həmin əmrə görə, pensiyaların sığorta hissələrinin 5,7 faizlik artımı hesablanaraq, fevral ayında pensiyaçılarımıza yanvar ayındakı artımla ödənməsi barədə qərar qəbul edəcəyik. Bizim hesablamalarımıza görə, ödəniş zamanı orta aylıq pensiyaların artımı belə olacaq. Bu gün yaşa görə əmək pensiyasının orta aylıq məbləği ölkə üzrə 233 manat 68 qəpik təşkil edir. 1 yanvar 2018-ci il tarixinə 5,7 faizlik artımı bu məbləğin 13 manat 32 qəpik artaraq, 247 manata çatmasına səbəb olacaq. Ümumilikdə bütün pensiyalar üzrə orta aylıq məbləğ 1 yanvar 2018-ci ilə 208 manat 36 qəpik olub. İndi onun məbləği artaraq 220 manat 23 qəpik təşkil edəcək".
1 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq. Əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.
Nazir Səlim Müslümov vurğulayıb ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq: "Hazırda DSMF-də mövcud olan fərdi hesabların ümumi avtomatlaşdırılması bazasında 3 milyon 566 min fərdi hesab var. Bu hesablarda toplanmış, sığorta pensiya kapitalının məbləği hazırda 12 milyard 765,7 milyon manat təşkil edir. Gələcək pensiyaların müəyyənləşdirilməsi yalnız ona bağlıdır".
Nazir əlavə edib ki, sığorta-pensiya sistemi elektron infrastruktur üzərində fəaliyyət göstərir və hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.