Türkiyə ordusu 46 kəndi azad etdi: hərbçilər coşğuyla qarşılanır - İDLİBDƏN GÖRÜNTÜLƏR

"Zeytun budağı" əməliyyatının 22-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 1141-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Son əməliyyat zamanı daha 79 terrorçu zərərsizləşdirilib.

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) PYD/YPG və İŞİD terror qruplaşmalarına məxsus 36 hədəfi bombalayıb. Terrorçuların sığınacaqları və silah anbarları və atəş nöqtələri dağıdılıb.

Hərbi aviasiya Menbiçdəki PYD/YPG mövqelərinə də zərbələr endirib. Gecədən başlayan əməliyyat səhər saatlarına qədər davam edib.

Türkiyənin Reyhanlı qəsəbəsi yaxınlığındakı mövqelərdən Suriyanın şimalındakı Cideres bölgəsindəki terrorçuların mövqeləri tank və toplardan vurulub.

TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçülərinin birgə hücumu nəticəsində Afrində daha 5 kənd təmizlənib. Nisriyyə, Dükkan, Eşkan, Cukali Favkani və Orta Çakallı kəndləri hazırda tam nəzarətdədir. Beləliklə, yanvarın 20-dən bu yana terrorçulardan geri alınan kəndlərin sayı 46-ya çatıb.

Bu arada Türkiyə ordu birləşmələri İdlibdə müşahidə məntəqələrinin sayını artırır. Sayca 5-ci müşahidə məntəqəsinin hazırlıqlarına artıq başlanıb. İdlibin Tal Tırkan qəsəbəsinə daxil olan Türkiyəli hərbçilər coşğuyla qarşılanıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli