Bayıl yamacı yenə sürüşdü - 4 EV DAĞILDI

Bakı şəhərinin Səbail rayonu ərazisindəki Bayıl yamacında sürüşmə yenidən aktivləşib.

 

APA TV-nin xəbərinə görə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Abid Əliyev deyib: "Bu ərazi təhlükəli ərazi hesab olunur. Sürüşmə aktivləşəndən artıq əhali bu zonadan köçürülüb. Elə həmin gündən bu əraziyə qaz, işıq və suyun verilişi dayandırılıb. Hazırda proses aktivləşib. Gündüz vaxtı polislərin nəzarəti ilə sakinlər bu günə kimi evlərinə baş çəkə bilirdilər. Ancaq yaşayış qadağan olunub".

 

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur: "Əhali arasında xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl sakinlər burdan köçürülüb. Hazırda evlərdə heç kim yoxdur. Gecələr, ümumiyyətlə, əhalinin burda qalmasına icazə verilmir. Yaşamaq üçün əlverişli şərait yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə nəzarət edir. Xəsarət alan olmasa da, evlərə kifayət qədər ziyan dəyib, 4 ev tamamilə yararsız vəziyyətə düşüb. Uçan evlər yollara tökülüb".

 

FHN əməkdaşları, seysmoloqlar və aidiyyəti qurumların mütəxəssisləri ərazidə işləyir: "Təhlükəli zona elan olunduğu gündən əhali siyahıya alınıb. Təxminən 90-a yaxın ailədir. Onların siyahısı artıq Nazirlər Kabinetinə təqdim olunub. Əgər qərar qəbul olunsa ki, bu adamların bura qayıtması təhlükəlidir, həmin adamlara kirayə haqqının ödənilməsi dövlət tərəfindən həyata keçiriləcək. Onların bəziləri hələ ki qohumlarının yanında yaşayır, bəziləri isə icra hakimiyyəti tərəfindən ayrılmış müvəqqəti sığınacaqlarda yaşayırlar" .

 

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisədən sonra Bayıl yamacına gələrək sakinlərlə görüşüb.

 

Eldar Əziziov sakinlərin yanvarın 26-dan başlayaraq köçürüldüyünü deyib: "Hazırda yağış olduğundan, narahatlıq var. Ərazi tam nəzarətə götürülüb. Kirayə haqqı məsələsinə baxılır. Sakinlər təlimatlandırılıb. Onlarla söhbətlərimiz də olub. Vətəndaşlarla tez-tez görüşürük. Ayrı-ayrı sakinlər ola bilər ki, fərdi narahatlıqlarını ifadə etsinlər, çünki canlı prosesdir".

 

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı