Moskvadan qalxan təyyarə yerə çırpıldı, 71 nəfər öldü - BİRİ AZƏRBAYCANLIDIR

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb. APA TV xəbər verir ki, göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan "An-148" təyyarəsi Moskvanın "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.

Məlumata görə, sərnişin təyyarəsinin pilotu dispetçerlərə nasazlığın yarandığını bildirib və Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış. Ancaq Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb. Həmin ərazidən təyyarənin qalıqları tapılıb. Nəticədə 65 sərnişin və 6 ekipaj üzvü arasında sağ qalan olmayıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 texnikası cəlb olunub. Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bir azərbaycanlı sərnişin də həyatını itirib. Məlumata görə, qəzada ölən iş adamı Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub. Ölən üç əcnəbidən digər ikisinin də vətəndaşlığı müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv