Salyan polisi rayon sakinindən narkotik vasitə olan tiryək aşkar edərək götürüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini, 38 yaşlı Natiq Əliyev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Şöbənin müstəntiqi Vüqar Bayramovun sözlərinə görə, burada onun üzərinə baxış keçirilib:
"Rayon polis şöbəsində önun üzərinə şəxsi baxış keçirilən zaman əynində olan gödəkçənin cibindən 5 ədəd sellofan bükümdə ümumi çəkisi 12,974 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb".
Bundan sonra Natiq Əliyevin yaşadığı evdə axtarış baş tutub. Axtarış zamanı evin ikinci mərtəbəsində yerləşən otaqdan 1 ədəd sellofan bükümdə ümumi çəkisi 30,556 qram olan narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. İlkin istintaq zamanı N.Əliyev törətdiyi cinayəti etiraf edib:
"Tapmışdım. Dedim ataram özümçün. Üstümdə idi. Saxladılar, yoxladılar".
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.