Ucarda qəza: qadın öldü, oğlu və əri ağır yaralandı
Qarlı hava şəraiti Ucarda ölümlə nəticələn avtomobil qəzasının baş verməsinə səbəb olub. Qəza Bakı-Qazax magistralının 220-ci km-də, Ucar rayonunun Müsüslü kəndinə keçən hissəsində qeydə alınıb. Ucardan Bakı istiqamətində hərəkətdə olan Bərdə rayon sakini 45 yaşlı Vaqif Süleymanovun idarə etdiyi “Prado” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan mişar daşı yüklü “Shacman” markalı yük maşını toqquşub. Nəticədə “Prado”-nun sürücüsü və 18 yaşlı oğlu Elxan Süleymanov ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürücünün həyat yoldaşı, Bərdə rayon sakini, 41 yaşlı Elza Süleymanova isə aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib. Xəstəxanada olan yaralıların vəziyyəti isə ağırdır. Qəzanın baş verməsinə isə səbəb yağan güclü qarın magistral yolda nəqliyyatın hərəkəti üçün yaratdığı çətinlikdən dolayı “Prado” markalı minik maşının qəflətən idarəetməni itirərək "Shacman"a çırpılması olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.