Neft həftəsi başladı: cüzi bahalaşma, yoxsa rekord ucuzlaşma?
Birjalarda yeni neft həftəsi qiymətlərin yüksəlməsi ilə yadda qalıb. APA TV-nin xəbərinə görə, bu gün keçirilən ilk ticarət sessiyalarında “Brent” markalı neftin bir bareli 70 sent bahalaşaraq 63,41 dollar olub.
Qərbi Texas neftinin bir bareli isə 59,87 dollardan satılır. WTİ nefti cümə gününə nisbətən 80 sent dəyər qazanıb.
Analitiklər qiymətlərin bahalaşmasının inersiya hesabına olduğunu iddia edir və bildirirlər ki, ABŞ-da birjalar tam gücü ilə fəaliyyətə başladıqdan sonra ucuzlaşma davam edəcək. Həftə sonu ABŞ-da hasilata cəlb olunan buruqların sayının rekord sayda - 26 vahid artması ölkədə neft hasilatının ən yüksək həddə çatacağını göstərir. Bu səbəbdən neftin qiymətinin həftə ərzində 60 dollardan aşağı düşməsi ehtimalı böyükdür.
Bu gün aparıcı informasiya agentliklərinin neft analitikləri arasında ABŞ-ın neft ehtiyatlarının həcminə dair növbəti sorğunun nəticələri açıqlanacaq. Bu sorğu qiymətlərə impuls verici xarakter daşıyır.