Sumqayıtdakı ATIŞMA İLƏ BAĞLI DAHA İKİ NƏFƏR TUTULDU
Sumqayıtda baş verən atışma ilə bağlı daha iki nəfər həbs edilib. APA xəbəbr verir ki, “Xəvarici” təriqətinin üzvləri Elçin Mirzəyev və Tehruz Sultanov ötən gecə saxlanılıblar. Daha iki silahlı insident iştirakçısının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
APA TV-nin xəbərinə görə, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ekstremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Daha sonra “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş prokurorluq hadisə ilə bağlı rəsmi məlumat yayıb.