Azərbaycanda enerji siyasəti proqramı hazırlanır

"Energetika Nazirliyi tərəfindən 2014-2020-ci illəri əhatə edəcək enerji siyasəti proqramı hazırlanır".

 

APA TV-nin xəbərinə görə, bunu Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rzayev Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, Azərbaycan bütün enerji resurslarının istehsalçısı və ixracatçısı kimi tanınır. Dünya bazarlarında artan enerji resurslarının qiyməti ölkəmizi bundan daha səmərəli istifadə etməyə vadar edir: "Araşdırmalar nəticəsində məlum olub ki, bu enerjidən istifadə etməklə 35 faiz qənaət etmək olur. Bu proqram çərçivəsində bizi narahat edən , həll olunması vacib məsələlər öz həllini tapacaq. Gələcəkdə bu enerji mənbələrindən istifadə etmək üçün daha cəlbedici zəmin yaradacaq".

 

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay Azərbaycanın enerji istehlakını 100% təmin etdiyini və enerji səmərəliliyi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirdiyini qeyd edib, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasını xüsusi vurğulayıb və ATƏTin bu layihələrə dəstək olacağını söyləyib.

 

Konfransda SAM və ATƏT-in Bakı ofisi tərəfindən hazırlanmış Azərbaycanda ictimai binalarda enerji səmərəliyinin artırılması üçün həyata keçirilən dövlət siyasətinə dair araşdırma təqdim olunub. dövlət satınalmalarında xüsusilə yeni binaların tikintisinə diqqət yetirməklə enerji səmərəliliyi üzrə siyasi təlimatlara dair yol xəritəsi verilib. 

Müəllif | Apa.Tv