Günün reallığı: dollar ucuzlaşır, neft bahalaşır

Birjalarda neft sürətlə bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir barelinin qiyməti son 24 saat ərzində 3 dollar bahalaşıb. Dünən axşam saatlarında neftin qiyməti sutkalıq minimuma düşərək 62,10 dollar olub, bu gün keçirilən səhər seanslarında isə qiymətlər 65,03 dollara qalxıb.

 

Qərbi Texas neftinin qiymətində də eyni dinamika müşahidə olunur. Dünən 58,30 dollara satılan WTI markalı neft hazırda 61,41 dollara təklif olunur. İki marka arasında qiymət fərqi yenə də 4 dollara yaxındır.

 

Neftin bahalaşmasına ABŞ-dan qaynaqlanan iki amil təsir göstərib. ABŞ Energetika Nazirliyinin açıqladığı hesaba görə, ölkənin kommersiya neft ehtiyatlarının həcmi gözlənildiyindən az - 1,6 milyon barel artıb. Analitiklər artımın ən azı 2,6 milyon barel olacağını gözləyirdi. Digər tərəfdən "ucuz dollar baha neft deməkdir" prinsipi bazarda hələ də təsirini saxlamaqdadır. Dolların digər valyutalara nəzərən ucuzlaşması neftin qiymətini dəstəkləyib. Bu gün səhər saatlarından etibarən dolların 6 aparıcı valyutaya nəzərən formalaşan indeksi 0,24 faiz aşağı düşüb. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov