Ali məktəblərə qəbul qaydaları dəyişdirilib - YENİLİK
Ali məktəblərə qəbul qaydalarında dəyişikliklər edilib. APA TV-nin Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, qaydalarda əsas dəyişiklik qəbul imtahanlarının iki dəfə - yaz və yay sessiyalarında keçirilməsi ilə bağlıdır. Abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcək. Digər dəyişikliyə əsasən, abituriyentin hər sessiyada fərqli qrupa imtahan verə bilməsidir. Yəni, yaz sessiyasında II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyent, yay sessiyasında III qrup üzrə imtahanda özünü sınaya bilər.
Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Bundan başqa, bu ildən etibarən ixtisas qruplarına yeni ixtisaslar da əlavə edilib.