Babək prospektində su xətləri dəyişdirilir

Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar görülən əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir, eləcə də yol boyu yeni xətlər çəkilir.

 

APA TV-nin məlumatına görə, görülən işlər çərçivəsində Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə 280 mm-lik polietilen borulardan istifadə olunmaqla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər çəkiləcək. İşlərin davamı olaraq həmin kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün ev və obyektlərin yeni şəbəkəyə qoşulması təmin olunacaq.

Babək prospektindən keçən və 50-60-cı illərdə çəkilmiş, artıq istismar müddətini başa vurmuş su xətlərinin yenilənməsi prosesi həyata keçirilir. İşlərə bir müddətdir ki başlanılıb və işlər "Azərsu" ASC tərəfindən görülür.

 

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirilib ki, çəkilməsi nəzərdə tutulan 18 kilometrlik su xəttinin 5 kilometrdən çox hissəsində işlər tamamlanıb: "Planımıza əsasən, biz may ayında işləri yekunlaşdırıb, bu ərazidən çıxacağıq. Bu layihə çərçivəsində bizim "41-Şərq" su anbarında magistral kəmərin normal su ilə qidalanması üçün təmir işlərinin aparılması, eyni zamanda "41-Şərq" və "82-Şərq" su anbarlarının əlaqələndirilməsi məqsədilə həmin anbarlar arasında 700 mm-lik bir magistral xəttin tikintisini də planlaşdırırıq".

 

Anar Cəbrayıllı onu da bildirib ki, "Azərsu" ASC tərəfindən Bakı şəhərinin fasiləsiz içməli su ilə təmin olunmayan ərazilərində də bu sistemin qurulması üçün yaxın gələcəkdə işlərə başlanılacaq. 

Müəllif | Apa.Tv
Apa.tv