Oruc Zalov: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
"Prezident, parlament, bələdiyyə seçkiləri və referendumlarla seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub. Beynəlxalq təşkilatlar hər dəfə seçki sahəsində irəliləyişlərin əldə olunduğunu qeyd edirlər".
APA TV-nin məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev bildirib.
O, seçici siyahılarının daim diqqət mərkəzində olduğunu söyləyib: "İstənilən anda bizim seçicilərimizin harda olması və seçici siyahılarına daxil edilməsi məsələsi çox ciddi nəzarətdə saxlanılıb. Bilirsiz ki, əvvəllər hər seçkidən sonra biz də dairələrin ləğv olunması , məntəqələrin ləğv olunması baş verirdi, yüksək vəzifəli şəxslərin işdən azad olunması hallarına rast gəlinirdi o, cümlədən icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Bunlar hamısı yüksək iradə yüksək prinsipiallıq nəticəsində demək olar aradan qaldırılmışdır".
Baş prokurorun birinci müavini Rüstəm Usubov qeyd edib ki, 2002 və 2009-cu illər referendumlarında referendum iştirakçılarının hüquqlarının pozulması ilə bağlı prokurorluq orqanlarına müraciətlər daxil olmayıb. Seçkilər içərisində daha çox qanun pozuntularına yol verilməsi halları bələdiyyə seçkilərinə təsadüf edib: "Bu da həmin seçkilərin digər seçkilərə nisbətən daha kütləvi olması ilə bağlıdır".
Rüstəm Usubov bildirib ki, hər seçkidə olduğu kimi, qarşıdakı prezident seçkiləri ilə əlaqədar da Baş Prokurorluqda İşçi Qrup yaradılıb. Baş prokuror bu barədə sərəncam imzalayıb.
Daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, daxili işlər nazirinin əmrinə əsasən fevralın 19-dan 27-dən əsasən Bakı, Gəncə Baş Polis idarələrində, Şirvan və digər böyük şəhərlərdə ətraf rayonların polis əməkdaşları da cəlb olunmaqla, zona müşavirələri keçiriləcək. Seçki günü seçicilərin iradəsini azad ifadə etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib: "Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq".
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bu günə qədər prezident seçkilərdə namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. MSK indiyə qədər 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.