Dövlət Komissiyası: Erməni diversantları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirə bilərik

Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət edib.

 

APA TV-nin xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib: "Bu məsələ ilə bağlı biz təşkilatlara müraciət etmişik, bununla bağlı iş gedir hazırda. Bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir".

 

İsmayıl Axundov qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər. Onun sözlərinə görə,  hazırda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Komissiya bu işdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edir: "Onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir. Biz iki qurumun əsir və itkin düşmüş şəxslərlə bağlı siyahısındakı fərqi 75-ə endirmişik. Halbuki bu rəqəm 2015-ci ildə 350 nəfərdən yuxarı idi".


İsmayıl Axundov deyib ki, indiyə kimi itkin düşmüş şəxslərdən bioloji nümunələr götürülüb: "1550 nəfər itkin düşmüş şəxsin 4119 nəfər ailə üzvündən bioloji nümunələr götürülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri də aşkarlanıb. Onlardan 185-nin GPS koordinatları çıxarılıb".

 

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilən “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” kitabının təqdimat mərasimi keçirilib. İsmayıl Axundov bildirib ki, kitab Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edilib.

Müəllif | Apa.Tv
Nigar Həsənli