Türkmənistan Cənub Qaz Dəhlizinə qoşula bilər

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib.

APA TV-nin xəbərinə görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov mətbuat konfransında bildirib ki, iclasda ötən il ərzində görülən işlər nəzərdən keçirilib və gələcəkdə görüləcək işlər müzakirə olunub.

Onun sözlərinə görə, bu ilin ortalarında "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində ilk qaz Azərbaycandan Türkiyəyə çatdırılacaq: "Bu gün layihənin bütün komponentlərinin həyata keçirilməsini geniş müzakirə etdik. Hazırda bu layihənin bütün komponentlərinin icrası ilə bağlı vəziyyət qaneedici səviyyədədir. Prezident İlham Əliyev də layihənin yerdə qalan hissəsinin icrası ilə bağlı öz tövsiyələrini verib. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya çatdırılacaq".

Avropa Komissiyasının enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə qeyd edib ki,  hazırda Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: "Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib. Bu gün isə Türkmənistan qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsində bizə dəstək olur".

Qeyd edək ki, Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başa çatıb. İclasın sonunda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanıb.

Müəllif | Apa.Tv
Apa.tv