ABŞ-la OPEK arasında "neft müharibəsi" - DOLLAR UCUZLAŞDI, FES HƏRƏKƏTƏ KEÇİR

Dünya birjalarında neft bahalaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri artaraq 64,70 dollar təşkil edib. Qərbi Texas markasının da qiyməti yüksəlib. WTI nefti hazırda 51,71 dollardan satılır.

 

Neftin qiymətindəki artım hələlik ancaq bir səbəblə, daha dəqiq ABŞ dollarının zəifləməsi ilə izah olunur. Belə ki, dollar 2014-cü ildən sonra özünün ən minimal həddinə enib.

 

Neft bazarındakı bu cüzi canlanmanın daha bir səbəbi birjaların ticarət qabiliyyətinin müəyyən dərəcədə bərpasıdır. Artım dinamikasına əngəl törədən əsas amil isə ABŞ-da hasilat səviyyəsinin artacağı ilə bağlı gözləntilərin özünü qoruması, Birləşmiş Ştatlardakı dövlət obliqasiyaları üzrə gəlirlərdəki artım, habelə Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən uçot dərəcəsinin yenidən yüksəldiləcəyi ehtimalıdır.

 

Bu arada Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih OPEK-in hasilatın məhdudlaşdırılması qərarının cari ilin sonunadək qüvvədə qalacağını açıqlayıb. Bununla da heç şübhəsiz ki, qiymətlərdə stabilliyə nail olunması və kəskin ucuzlaşmaya yol verilməməsi hədəflənir.

 

Lakin ABŞ-dakı hasilat səviyyəsi və neft ehtiyatlarının həcmi qarşıdakı zaman çərçivəsində artan dinamika üzrə inkişaf edərsə, bu, OPEK-in çatmaq  istədiyi hədəfdən yan keçəcəyi anlamına gələcək.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov