Polis obyektləri qarət edən dəstəni yaxaladı - MAL-QARA DA OĞURLAYIBLAR

Zərdabda oğurluq edən şəxslər tutulub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Zərdab şəhər sakini İlqar Cəbrayıl oğlu Abdullayev fevralın 9-da ona məxsus tövlədən 1 baş inəyin, rayonun Məmmədqasımlı kənd sakini İntiqam Ağalar oğlu Ağalarov fevralın 13-də icarə əsasında anbar kimi işlətdiyi obyektdən 63 yeşik, 840 ədəd müxtəlif adlarda spirtli içki, Eltun Rövşən oğlu Eminov "Beşiktaş" adlı çay evindən 600 manat dəyərində "LG" markalı  televizor, 600 manat dəyərində "Lenova" markalı kompüter və 100 manat dəyərində "Qulks" markalı elektrik qızdırıcısının oğurlanması barədə Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Əslan oğlu Yusibov, Zərdab rayon sakinləri - Ədalət Amin oğlu Məhəmmədli, Vüqar Əlisəməd oğlu Səmədzadə və Vüsal Tacəddin oğlu Şükürov tutularaq istintaqa təhvil verilib.

İlkin dindirmə zamanı tutulan şəxslərin qabaqcadan əlbir olaraq  oğurluq etmələri müəyyən edilib.


Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov