Azərbaycan alimləri uzunömürlülüyün sirrini axtarır

"Elmin inkişafı nəticəsində səhiyyə sistemində uğurlu islahatlar aparılır". APA TV-nin məlumatına görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə

deyib.

 

Səhiyyə Nazirliyinin Kollegiyası ilə birgə keçirilən elmi sessiyada çıxış edən akademik bildirib ki, hazırda tibb elmi üçün prioritet məsələlərdən biri insanların uzunömürlülüyünə töhfə verməkdir. Akademik molekulyar biologiya, biotexnologiya və başqa sahələrdə görülən işlərdən də bəhs edib.


Akif Əlizadə alimləri Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa, startap layihələri təklif etməyə çağırıb.

 

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov dünyada orta yaş dinamikası, eləcə də periferik sinirlərin mikroskopik səviyyədə tədqiqi, Naftalan neftinin klinik-eksperimental tədqiqi barədə məruzə edib. O, kök hüceyrə mərkəzlərinin yaradılmasını və ortaq proqram hazırlanması təklifini irəli sürüb.

 

Elmi sessiyada çıxış edən digər alimlər defekt genlərin diaqnostikası, tədqiqat mərkəzlərinin modernləşdirilməsi, onkoloji və ürək xəstəliklərinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu, qeyri-infeksion xəstəliklər barədə məruzələr ediblər.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli