Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
"Bu il 500-ə yaxın əmək qabiliyyəti olmayan yaxud əlilliyi olan şəxslər özünüməşğulluq proqramına cəlb oluna bilər". APA TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Əlavə edib ki, keçən il reallaşdırılan ilkin layihədə təxminən 65 ailə əlilliyi olan şəxslər olub. Hazırda isə BMT-nin İnkişaf Proqramı ilə birlikdə yeni layihənin ayrıca olaraq reallaşdırılması nəzərdə tutulur: "Bildiyiniz kimi keçən il ehtiyat fondundan ayrılmış 6 milyon vəsait hesabına reallaşdırılan ilkin layihədə iştirak edənlərdən 65 ailə təqribən əlliyi olan şəxslər idi. Bu ümumi öz axını ilə baş vermiş prosesdir. Onlar üçün xüsusi yer, nə də kvota ayırmamışıq, eyni qayda ilə baxmışıq, amma indi BMT-nin İnkişaf proqramının təklifi ilə biz istəyirik ki, inklüzivliyi təmin etmək üçün təqribən 500 tərkibində əmək qabiliyyəti olmayan və yaxud əlliyi olan şəxslər olan ailələri ayrıca olaraq bu prosesə cəlb edək. Xüsusi bir proyekt edək və BMT-nin inkişaf proqramı onun tərkibində bu prosesi də həyata keçirsin".
Səlim Müslümov qeyd edib ki, vəsaiti nazirlik ayıracaq, ancaq tender keçirilməsi onlara aktivlərin verilməsi, monitorinqin aparılması prosesini BMT-nin İnkişaf proqramı həyata keçirəcək.
Qeyd edək ki, bu gün Səlim Müslümov Abşeron rayonunda qəbul keçirib. Qəbulda Abşeronla yanaşı, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada dinlənilib.
Vətəndaşlar əsasən onların bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı şəxslərin mənzillə təminatı ilə əlaqədar müraciət ediblər.
İşlə bağlı müraciət edən bir qrup şəxsə elə qəbul zamanı peşə və bacarıqlarına uyğun vakansiyalar təklif edilib və seçdikləri vakansiyalar üzrə onlara münasib iş yerlərinə göndərişlər verilib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini
tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.