Tillerson: “Türkiyənin Menbiçə girməsini istəmirik”

Ankarada səfərdə olan ABŞ Dövlət Deapartamentinin rəhbəri Reks Tillersonla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdə əsasən Suriya və İraq, eləcə də "Zeytun budağı" əməliyyatı müzakirə edilib.

Diplomatlar daha sonra birgə mətbuat konfransı keçirib. Mövlud Çavuşoğlu ölkəsinin mövqeyini açıq şəkildə ortaya qoyduğunu və görüşün detalları barədə məlumat verib.

Reks Tillerson ABŞ-la Türkiyə arasında əlaqələrin çox dərin olduğunu xatırladıb: "Türkiyə 3 qitənin qovuşuğunda yerləşən çox mühüm bir ölkədir. Biz Koreya və Əfqanıstanda ABŞ-la eyni cəbhədə yer almışıq. Azad Suriyanın qurulması yolunda da birlikdə çalışmalıyıq. Suriyada demokratiyanın əldə olunması çox önəmlidir. Biz Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyini də anlayırıq, bu çox ciddi məsələdir. ABŞ Suriyadakı hədəflərini Ankaraya çox açıq şəkildə dəfələrlə bildirib. Menbic strateji cəhətdən çox önəmli bir bölgədir, ABŞ Menbiç bölgəsinin və Menbic şəhərinin müttəfiq qüvvələrin nəzarətində olmasını, başqa hər hansı bir gücün bura daxil olmasını istəmir".

Çavuşoğlu isə 100-ə qədər Türkiyə vətəndaşının YPG-yə verilən silahlardan Afrindən açılan atəşlə şəhid olduğunu xatırladıb: "ABŞ Türkiyəyə 2 il əvvəl söz verib, amma yerinə yetirməyib. Əvvəlcə Menbiçdən başlamaq lazımdır, bu problem həll edilməlidir. Bölgənin rahat nəfəs alması üçün oranın kimlər tərəfindən idarə olunması çox vacibdir. PYD/YPG Menbiçdən çıxmalıdır, yalnız bundan sonra ABŞ-la birgə addımlar ata bilərik".

R. Tillerson ABŞ və Türkiyə arasında ortaq mexanizm yaradılacağını və ilk növbədə Menbic məsələsinin müzakirə olunacağını, bütövlükdə Suriyanın şimalı ilə bağlı müzakirə aparılacağını qeyd edib. "Suriyada parçalanma olmadan münaqişənin həllinə nail olmaq istəyirik. Türkiyə ilə münasibətlərimiz davamlı və strateji xarakter daşıyır. ABŞ və Türkiyənin Suriyada birlikdə çalışması önəmlidir" - deyə, o əlavə edib.

 

Tərəflər müzakirələrin mart ayında davam etdirilməsini qərara alıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov