"Sabahın alimləri" VII respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
"Sabahın alimləri" VII respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov şagirdlərin elmi yaradıcılığına həsr olunmuş "Sabahın alimləri" yeddinci respublika müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib.
Yeddi il ərzində müsabiqənin uğur qazandığını və populyarlaşdığını deyən Ceyhun Bayramov bildirib ki, bu illərdə müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib. Onlardan 549-u qızlar, 638-i isə oğlanlar olub.
Məlumat verilib ki, bu il 79 şagirdin hazırladığı 46 layihə münsiflər heyəti tərəfindən seçilib. Birinci yerə 12 şagird (7 layihə), ikinci yerə 28 şagird (15 layihə), üçüncü yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.
Sonra səkkiz nominasiya üzrə seçilən qaliblər mükafatlandırılıblar.
Daha sonra bu ilin mayında ABŞ-da keçiriləcək Intel ISEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək üç layihə müəlliflərinin adları açıqlanıb. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. "Çox həyəcanlıyam. Çox böyük əmək qoymuşam. Çox fəxr edirəm ki, mən Amerikada öz ölkəmi təmsil edəcəyəm. Artıq ikinci dəfədir ki, mən bunu edəcəyəm. Bütün məktəb rəhbərliyinə və valideynlərimə, öz təşəkkürümü bildirirəm".
"Zərifə Əliyeva adına liseydə təhsil alırıq. Bacı-qardaş qalib gəldik. Uzun müddətdir çalışırıq. Bizim elmi rəhbərimiz Vüqar müəllim çox kömək edib. Bacımla söz verirəm ki, Amerikada özümüzü yaxşı göstərəcəyik".
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib.