Moskvada azərbaycanlı ailənin 3 yaşlı qızı bağçada donaraq ölüb
Rusiya paytaxtında yerləşən uşaq bağçasında 3 yaşlı azərbaycanlı qız uşağının meyiti tapılıb. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, hadisə Yeni Moskva adlanan ərazidə yerləşən uşaq bağçasında baş verib.
Bağça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxarıb. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından bir nəfərin, azərbaycanlı, 2015-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən edib. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər 3 yaşlı qızcığazı bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar edib.
Bir versiyaya görə, 3 yaşlı Zəhra gəzinti zamanı qarda yıxılıb və ayağa dura bilməyib. Digər versiyaya görə isə Zəhranın vəziyyəti pisləşib və yıxılıb, onun yıxıldığını isə heç kəs hiss etməyib.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilər Zəhranın ölüm səbəbinin "bioloji" olduğunu bildirir və tərbiyəçinin səhlənkarlıq etməsini inkar edirlər. Məlum hadisə bütün Rusiya mətbuatının diqqətində olub. KİV-də qeyd olunan fərziyyəyə görə, Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib. Tərbiyəçilər isə onun yoxluğunu çox gec hiss edib.
Zəhranın ölüm səbəbinin "bioloji" olduğunu valideynləri də qətiyyətlə rədd edir. Atası Niyaz Rzayev üç övladının olduğunu, Zəhranın isə ən kiçik övladı olduğunu bildirib.
Rzayevlər ailəsinin yaxınlarının verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandır.