Neft birja həftəsini yüksək qiymətlərlə başa vurub

ABŞ dollarının aparıcı valyutalara qarşı zəifləməsi səbəbilə neft birja həftəsini yüksək qiymətlərlə başa vurub. APA TV-nin məlumatına görə, birjaların son ticarət sessiyalarında "Brent" markalı neftin bir bareli 64,88 dollar təşkil edib ki, bu da bir həftə əvvəlki göstəricidən 2,09 dollar bahadır. Həftə ərzində neftin ən yüksək qiyməti 65,08 dollar, ən aşağı qiyməti isə 62,10 dollar olub.

 

Həftə ərzində dollar indeksinin aşağı düşməsi nefti bahalaşdıran əsas səbəblərdən sayılır. Digər tərəfdən ABŞ-da kommersiya neft ehtiyatlarının artım tempinin proqnozdan aşağı olması da qiymətlərə pozitiv təsir göstərib. Buna rəğmən gələn həftədən etibarən qiymətlərin ucuzlaşması ehtimalı böyükdür.

 

Ötən həftə ABŞ-da neft hasilatına cəlb olunan buruqların sayı daha 7 ədəd artaraq 798 vahidə çatıb. Bu, ölkədə hasilatın daha da artacağını təxmin etməyə əsas verir. Lakin dolların digər valyutalara nəzərən zəifləməkdə davam etməsi neftin qiymətini dəstəkləyən, ucuzlaşmanın qarşısını alan yeganə obyektiv amil olaraq qalır. 

Müəllif | Apa.Tv
Apa.tv