Lavrov: "Türkiyə Afrin əməliyyatını ABŞ-a görə başladı"
"Vaşinqton NATO-dakı müttəfiqi Türkiyənin etirazlarına rəğmən PYD/YPG-yə dəstəyini davam etdirir". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib. "ABŞ "kürd" amilindən aktiv şəkildə istifadə edir, bununla da Türkiyənin maraqlarına qarşı çıxır. Türkiyənin mövqeyi fərqli şəkildə dəyərləndirilə bilər, ancaq bu mövqe bizə heç bir zaman sirr olmayıb. Türkiyə dəfələrlə Suriya ilə sərhədboyu bölgələrin kürdlərin ixtiyarına keçməyəcəyini bildirib, buna baxmayaraq ABŞ Türkiyənin bu siyasətinə zidd bir şəkildə onlara silah yardımı edir".
Suriyanın şimalında davam etdirilən "Zeytun budağı" əməliyyatına toxunan S.Lavrov Türkiyənin bu addımının Rusiya üçün sürpriz olmadığını deyib: "ABŞ-ın PKK ilə əlaqəsi var. Suriyada kürdlərdən ibarət olan 30 minlik bir ordunun qurulacağını dedilər. Ancaq daha sonra bu xəbərləri təkzib etdilər, amma bu prosesin ləğv olunması demək deyil. Türkiyə bu səbəbdən Afrində əməliyyata başladı. Ankaranın dəfələrlə etiraz etməsinə baxmayaraq, Vaşinqton buna etinasız yanaşdı".