Səudiyyə Mərkəzi Bankı "Ripple" ilə saziş imzaladı - DÜNYADA İLK
Səudiyyə Ərəbistanı Mərkəzi Bankı ödəmələri sürətləndirmək üçün "Ripple" kriptovalyutası ilə saziş imzalayıb. Bununla da dünya tarixində ilk dəfə bir ölkənin tənzimləyici orqanı "blokchain" texnologiyasından istifadəni rəsmiləşdirib.
Hələlik Mərkəzi Bank ödəmələrin "Ripple" ilə həyata keçirilməsini pilot layihə şəklində gerçəkləşdirəcək. "Ripple" şirkəti Səudiyyə Ərəbistanının bu addımını pul transferlərini maksimum sürətləndirmək məqsədilə atdığını açıqlayıb və beynəlxalq valyuta transaksiyalarını 4 saniyədə gerçəkləşdirdiyini bəyan edib. Bu o deməkdir ki, xarici ölkələrə pul köçürmə cəmi 4 saniyədə başa çatmış olacaq. "Etherium" kriptovalyutası analoji prosesi 2 dəqiqəyə həyata keçirir. Adi qaydada isə banklar bu əməliyyatı 3-5 günə reallaşdırırlar.
Bu xəbər yayıldıqdan sonra kriptobirjalarda "Ripple"in dəyəri 6 sent bahalaşıb. Hazırda bu kriptovalyuta 1,11 dollara satın alınır.
"Ripple" bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı ilə danışıqlara başladığını açıqlamış, bu bankın artıq "Ripple" üzərindən köçürmələri test etdiyini bəyan etmişdi.