Salyan sakininin tövləsi yandı: mal-qara tələf oldu
Salyanda yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
Kənd sakini Məhəmməd Ələkbərova məxsus mal-qara saxlanılan tövlə qəfildən yanmağa başlayıb. Yanğın zamanı ailə evdə olmayıb. Bundan xəbər tutan qonşular dərhal aidiyyəti quruma məlumat verib. Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Salyan rayonu üzrə yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq, sahəsi 245 kvadratmetr olan tövləyə yığılmış 20 ton ot bağlamasının 10 tonu, 2 ton buğdanın 500 kiloqramı yanaraq külə dönüb. Həmçinin yanğın zamanı tövlədə olan 5 baş iri və xırdabuynuzlu heyvan tələf olub, 2 generator və qaynaq aparatı isə sıradan çıxıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.