Bir gündə üç qonşusunun evini soydu

Bakının Sabunçu rayonunda Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə Sabunçu qəsəbəsi Şəhər Şosesi küçəsində yerləşən evin sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verib.

 

Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını, oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib. Polis əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs - həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini bildirib.

 

E.İsayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.

 

Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd