Cavad Zərif: "İsrail təyyarəsinin vurulması onların məğlubedilməzliyi barədə mifi dağıtdı"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ və İsrailin ölkəsini regiondakı mövqeyini möhkəmləndirmək üçün Suriya faktorundan istifadədə ittiham etməsinə cavab verib.

 

O deyib ki, İran heç də Fars körfəzində hegemonluq etməyə can atmır. "Uzun illər ərzində İsrailin Suriya və Livana hücumları cəzasız qalıb. Lakin suriyalılar 30 ildə ilk dəfə olaraq İsrail təyyarəsini vurduqdan sonra onların məğlubedilməzliyi haqqındakı mif yoxa çıxdı. Rəsmi Təl-Əviv bu mifi yenidən bərpa etmək üçün müxtəlif yollara əl atır" - deyə, nazir qeyd edib.

 

Diplomat həmçinin ABŞ-ın ölkəsi ilə imzalanan nüvə razılaşmasından çıxma ehtimalını da dəyərləndirib: "D. Tramp administrasiyası nüvə razılaşmasından çıxmaq istəyir. Əgər bu baş verərsə, o zaman prezident də daxil olmaqla, rəsmi Vaşinqtonun bundan sonra imzalayacağı heç bir sənədə inam qalmayacaq. Bu düşüncə ilə onlar istənilən sazişi nəticəsini gözləmədən poza bilər".

 

Xatırladaq ki, İranla İsrail arasındakı gərginlik ötən həftə İsrailin bu ölkəyə aid PUA-nı vurduğunu iddia etməsindən sonra alovlanıb. Hətta B. Netanyahu aparatın bir parçasını Münhendə nümayiş etdirib:

 

"Baxın, bu İrana aid pilotsuz uçan aparatın detalıdır. Onu özümlə gətirdim ki, bizə inanmayanlar öz gözləri ilə görsün" - deyə, o fikirlərini tamamlayıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov