Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX mətbuat mərkəzindən APA Tv-yə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Mərasimdə çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə ediblər.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqlarını tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.