Quba-Xınalıq yolu bağlandı - QAR UÇQUNU
Fevralın 19-da gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb.
APA TV-nin şimal bürosu xəbər verir ki, həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.
Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatır.
Sahə rəisi Bilal Sultanovun sözlərinə görə, gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur: "Aramsız yağan qar Quba-Xınalıq yolunda avtomobillərin hərəkətini məhdudlaşdırıb. Yolu təmizləmək üçün texnika cəlb olunub. Yolun 32-ci km-dək yolda hərəkət təmin olunub. Yolun qardan təmizlənməsi həyata keçirilir. Qar uçqunları 35-36-cı km-də baş verib. Digər ərazilərdə olması da istisna deyil".
Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.