Bakıda iki ev çökdü - YAĞIŞIN FƏSADLARI

İki gündür yağan intensiv yağış Bakıda iki mənzilin çökməsinə səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanlı fərdi yaşayış evlərində qeydə alınıb.

Həmin mənzillərdə və eləcə də ətraf tikililərdə əsasən Zəngilan rayonundan olan məcburi köçkün ailələri məskunlaşıb. Damı çökən bir-birinə bitişik mənzillərdə də bu rayondan olan iki ailə yerləşib. Burada evlər terrasabənzər şəkildə tikildiyindən, yuxarıdakı evlərin həyətində çatlar da yaranıb. Ev sahibi Akif Qurbanovun sözlərinə görə, yağış suları tədricən torpaq qatını yuyub və nəticədə ağırlıq günorta saatlarında bu iki evin damının içəriyə doğru çökməsinə səbəb olub:

"Gördük şaqqıltı səsi gəlir, tez çıxdıq bayıra. Getdim evlər idarəsinə xəbər verdim, onlar da bütün yerlərə dedilər. İcra Hakimiyyətindən, FHN-dən gəldilər. Baxdılar, dedilər burada yaşayış mümkün deyil".

Evlərdə yaşayış təhlükəli hesab edildiyindən ətrafda FHN-in əməkdaşları tərəfindən xüsusi lent çəkilib. Ərazidə əvvəllər buna bənzər hal yaşanmasa da, bundan sonra da sürüşmə faktının qeydə alınmayacağı istisna edilməyib.

"Mənim 3 otağımı tutdu, qonşu Sahib Məmmədovun da iki otağını. İçəridən heç nə çıxara bilmədik. Qəfil olduğundan hər şey qaldı altda. İndi də getməyə yerimiz yoxdur", - deyə zərərçəkmiş A.Qurbanov qeyd edib.

Baş vermiş hadisə Səbail rayon İcra Hakimiyyəti tərəfindən də qeydə alınıb və evləri çökən hər iki ailə nəzarətə götürülüb. Onların başqa bir yerə köçürülməsi ilə bağlı müzakirə aparılsa da, hələlik bir qənaətə gəlmək mümkün olmayıb. Həm Qurbanovlar, həm də Məmmədovlar ailəsi isə bu gecəni nisbətən salamat qalmış otaqların birində keçirmək məcburiyyətində qalıb.

Müəllif | Apa.Tv
Apa.tv