Bakıda qarşı yola çıxan "Mercedes"in sürücüsü qəza törətdi

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Hüseyn Cavid prospektində qeydə alınıb.

Hadisə zamanı 96 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı minik maşını toqquşub. Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü qoşa xəttin tələbini pozaraq qarşı yola keçib və bununla da metronun "Elmlər akademiyası" stansiyası istiqamətində yaranmış sıxlıqdan yayınmaq istəyib. Ancaq nəticədə o, yol qəzasından yayına bilməyib və minik avtomobili avtobusla toqquşub.

Qəzada xəsarət alan da elə "Mercedes"in sürücüsü olub. Ona əraziyə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yardım olunub.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv