MTRŞ: Radioların yayımının vəziyyəti bizi qane etmir
Azərbaycanda rəqamsal yayıma keçidlə bağlı məsələlər 2004-cü ildən müzakirə edilir. APA TV-nin xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib. O bildirib ki, MDB ölkələri artıq rəqəmsal yayıma keçidlə bağlı hədəflərini elan ediblər: "MDB ölkələri 2015-ci ildə tam olaraq ,rəqəmsal yayıma keçəcək. Azərbaycanın televiziyalarının kadr və texniki potensialı imkan verir ki, biz MDB ölkələrindən daha tez rəqəmsal yayıma keçək".
Q. Cəbiyev qeyd edib ki, Azərbaycanda analoq yayımı dayandırmadan, paralel olaraq rəqəmsal yayıma keçid nəzərdə tutulur: "Birdən-birə analoq yayımı dayandırmaq olmaz. Ona görə bu proses paralel şəkildə həyata keçirilir. Əhalinin hamısında müasir televizorların olmaması problem yaradır. Azərbaycanda 132 min aztəminatlı ailə var. Müdafiə Sənayesi Nazirliyinin rəqəmsal yayımı həyata keçirəcək televiziya cihazlarının qiyməti 40 ABŞ dollarıdır. Yəni 132 min ailənin həmin cihazla təmin etmək üçün 5 milyon 300 min manat vəsait lazımdır".
MTRŞ-nin sədr müavini bildirib ki, həmin vəsaitin dövlət tərəfindən ödənilməsi ilə bağlı MTRŞ prezident İlham Əliyevə müraciət edib. Qafar Cəbiyev radioların yayımının vəziyyətinin qənaətbəxş olmadığını deyib: "“Kəpəz” radiosu istisna olmaqla, fəaliyyət göstərən digər radiolarda bu imkan yoxdur. Bakıdan bir az uzaqlaşan kimi, radioların dalğası itir".
Q. Cəbiyevin sözlərinə görə, bu gün təkcə telekanalların yox, radioların da rəqəmsal yayıma keçirilməsi gündəmdədir.